Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi


Ən çox verilən suallar

Ekspertin rəyi kim tərəfindən qiymətləndirilir?

Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məhkəmələr tərəfindən qiymətləndirilməlidir.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ekspert rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya hakim üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.


Ekspertizalar hansı müddətlərdə aparılır?

Ekspertiza təyin edilməsi haqqında təhqiqatçının, müstəntiqin, hakimin qərarının Mərkəzə daxil olduğu vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərilir. Mülki və inzibati işlər üzrə rəyin verilməsi müddəti ekspertiza təyin edilməsi haqqında qərardadda məhkəmə tərəfindən göstərilir.


Proses iştirakçıları məhkəmə ekspertizasının aparılmasında hansı hallarda iştirak edə bilər?

Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları təhqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər.

Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir.

Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.


Məhkəmə Ekspertizası Mərkəzində hansı istiqamətlər üzrə ekspertizalar aparılır?

Mərkəzdə aşağıdakı istiqamətlər üzrə ekspertizalar aparılır:

- təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin, o cümlədən cinayət işinin başlanılması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın halları (bundan sonra – iş) üzrə təyin edilmiş məhkəmə ekspertizaları;
- notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında ekspertizalar.


Hansı hallarda əlavə ekspertiza təyin olunur?

İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.


Hansı hallarda təkrar ekspertiza təyin olunur?

Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.


Ekspert məhkəmə ekspertizasının aparılmasından hansı hallarda imtina edə bilər?

Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edə bilər:

- məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası pozulduqda və bu ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə;
- verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda;
- tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə;
- tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodika və avadanlıqlar olmadıqda;
- ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.


Məhkəmə eksperti kim ola bilər?

Ali təhsili olan, müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş Azərbaycan Respublikasının vətəndaşı ekspert ola bilər.


Məhkəmə ekspertizasının aparılması üçün əsas nədir?

Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin müraciəti məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır. Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs təhqiqatın aparılması və rəy verilməsi üçün zəruri olan təhqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə təqdim edir.

Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli təhqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Zəruri hallarda, nümunələrin götürülməsi məhkəmə ekspertizasını aparan ekspertin iştirakı ilə həyata keçirilir.


Məhkəmə Ekspertizası Mərkəzinin hansı fəaliyyət istiqamətləri vardır?

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar apa¬rır;
- elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;
- məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir;
- ekspert profilaktikasını həyata keçirir;
- qanunvericiliklə müəyyən edilmiş digər istiqa¬mət¬lərdə fəaliyyət göstərir.

Qaynar xətt:

(+99 412) 498-05-43