08.05.2020. Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti daim yüksək fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

Azərbaycan ədliyyəsinin formalaşması və inkişafı, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər fəaliyyətinin bütün dövrlərində milli ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, həyata keçirdiyi mütərəqqi hüquqi islahatlar çərçivəsində nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun cəmiyyətdə rolu və əhəmiyyəti artmışdır.

Ulu Öndərin doğum günü münasibətilə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil olunub, o cümlədən növbəti müsabiqədən uğur qazanmış əksəriyyəti gənclər olan namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilib, Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub. Həmçinin nazirliyin saytında Ümummilli Liderə həsr olunmuş xüsusi bölmə yaradılıb, kinozalda filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilir. Ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, nazirliyin sosial şəbəkə səhifələrində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən materiallar paylaşılır.

Mayın 8-də Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən əbədiyaşar lider Heydər Əliyevin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi yad olunub.

Tədbirlərdə doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən Ümummilli Liderin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs olunub, dahi rəhbərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Ümummilli Liderin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğində, əhalinin rifahına xidmət edən sosial layihələrin gerçəkləşməsində nəcib və xeyirxah fəaliyyəti qeyd olunub.

Dahi öndərin yüksək amallarına sadiq qalan ədliyyə işçiləri dövlət başçısının qanunun aliliyi, dövlətçiliyə sədaqət prinsiplərinin hər şeydən üstün tutulması barədə göstərişlərini rəhbər tutmaqla ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmindədirlər.