Yanvarın 24-ünde Məhkəmə ekspertizası mərkəzində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Yığıncaqda ədliyye nazirinin müavini Eldar Nuriyev və Təşkilat-nəzarət baş idarəsinin məsul əməkdaşının iştirak etmişdir.

2019-cu ildə görülmüş işlər barədə Mərkəzin rəisi Fuad Cavadov ümumi məlumat vermişdir.

Hesabatın təqdimatında bildirilmişdir ki,

2019-cu ildə 41 ekspert ixtisası üzrə 34932 iş daxil olmuşdur. Bu zaman 33128 rəy verilmiş, ekspertlər 816601 min suala cavab verməklə qoyulan sualların 99,6 %-ni həll etmişlər. Əvvəlki ilin nəticələri ilə müqayisə etdikdə daxil olan işlər 2476 ədəd (8.1%), ekspertiza qarşısında qoyulmuş suallar 12149 ədəd (1.5%), cavab verilmiş suallar 11137 ədəd, (1.4 %)artmışdır.

Hesabat dövründə Mərkəzin Gəncə, Şirvan və Şəki regional bölmələri tərəfindən 2717  rəy verilmişdir. Gəncə bölməsi 728, Şirvan 1337, Şəki 642 rəy vermişdir. Ümumilikdə filiallar fəaliyyət göstərdiyi 5 ildən artıq müddətdə 9297 ekspertiza aparılmışdir.

Bundan əlavə, hesabat ili ərzində ekspert vəsatətlərinin təmin edilməməsi, qoyulmuş sualların xüsusi bilik tələb etməməsi, torpaq mübahisələri ilə bağlı mütəxəssis rəylərinin təqdim olunmaması və digər səbəblərə görə 4 mindən çox iş icrasız qaytarılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə məhkəmələrə və hüquq mühafizə orqanlarına metodik məsləhətlər verilmiş, hemçinin profilaktik tövsiyələr göndərilmişdir.

Ədliyyə Akademiyasında icbari təlim proqramlarına əsasən məhkəmə ekspertizası fənni üzrə mühazirələr oxunmuş, mərkəzin müasir imkanları nümayiş etdirilmiş, digər mövzularda seminarlar keçirilmişdir.

Bundan başqa, ekspertiza sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və müasir avadanlıqları ilə tanış olmaq məqsədilə ekspertlər il ərzində bir çox beynəlxalq seminar-konfrans və təlimlərdə iştirak etmişlər.

Mərkəzin beynəlxalq akkreditasiyasına dair sənədlər toplusu, o cümlədən “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi tələblər” üzrə ISO/IES 17025 beynəlxalq standartın təkmil variantı ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunmuşdur.

Toplantıda Məhkəmə ekspertizası fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə yeniliklər, Məhkəmə Ekspertizası Mərkəzinin yeni xidməti binasının layihəsi barədə məlumat verilmişdir.

Bununla yanaşı hesabat dövründə fəaliyyətlərində yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmiş əməkdaşlar barədə də məlumat verilmişdir.

Hesabat yığıncağında əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş də nöqsan və çatışmazlıqlar da qeyd olunmuş, məhkəmə ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, ekspert tədqiqatlarının keyfiyyətli və dolğun aparılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üçün prinsipiallığın artırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, metodiki işin və profilaktik fəaliyyətin gücləndirilməsi, təhlil və ümumiləşdirmələrin dolğun aparılması barədə konkret tapşırıqlar verilmişdir.