Məhkəmə ekspertizası sahəsində 2020-ci il üzrə İş Planı imzalanmışdır
Məhkəmə ekspertizası sahəsində 2020-ci il üzrə İş Planı imzalanmışdır

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzfələrin yerinə yetirilməsi üçün “Əməkdaşlığa dair Fəaliyyət Proqramı”na uyğun olaraq “2020-ci il üzrə İş Planı”nın müəyyənləşdirilməsi və təsdiqlənməsi məqsədilə Mərkəzin rəisi, rəisi müavini və saziş üzrə koordinatordan ibarət nümayəndə heyəti 10-11 sentyabr 2019-cu il tarixdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığına səfər etmişlər.

Proqrama uyğun olaraq Anıtkabir rəsmi ziyarət edilmiş, Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini və Jandarma Genel Komutanının müavini ilə görüşlər keçirilmiş və görüşlər zamanı qurumlarımız arasındakı əməkdaşlığın vəziyyəti barədə onlara məlumat verilmişdır.

Tədbir çərçivəsində Jandarma Kriminal Dairə Başkanlığının imkanları ilə tanışlıq məqsədilə laboratoriyalara gəzinti təşkil olunmuş, iş prosesi və aparılan ekspertizaların xüsusiyyətləri barədə müvafiq mütəxəssislərdən məlumatlar əldə olunmuşdur.

Sonra Məhkəmə Ekspertizası Mərkəzinin, Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığının və Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının nümayəndə heyətlərinin toplantısında Sazişdən irəli gələn vəzfələrin yerinə yetirilməsi üzrə “2019-cu il üzrə İş Planı”nda göstərilən və ötən ildən təxirə salınmış iki təlim də daxil olmaqla cəmi 14 tədbirin həyata keçirilmə vəziyyəti, yaradılan işçi qrupların fəaliyyətinin nəticələri müzakirə edilmişdir.

“2020-ci il üzrə İş Planı”nın müəyyənləşdirilməsi üzrə müzakirələr zamanı tərəflərin mövqeləri dinlənilmiş, hər bir tərəfin ehtiyac duyduğu və verə biləcəyi təlimlər barədə fikirlər müzakirə olunmuş, mövcud işçi qruplarının fəaliyyətinin davam etdirilməsi və aktual mövzularda yeni işçi qruplarının yaradılması məqsədəuyğun hesab edilmişdir. Belə ki, neft əsaslı maddələrin və yanğın hadisələrinin tədqiqi sahəsində 2 təlim Məhkəmə Ekspertizası Mərkəzi, bioloji  (DNT) tədqiqatlar sahəsində 2 təlim Jandarma Kriminal Dairə Başkanlığı və torpağın kimyəvi tədqiqatı üzrə 1 təlim Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığı tərəfindən qarşı tərəfin mütəxəssislərinə veriləcəkdir. Həmçinin ballistik və sənədlərin texnik ekspertizaları sahəsində yaradılmış işçi qruplarının fəaliyyətinin davam etdirməsi, narkotik vasitələrin tədqiqi üzrə yeni işçi qrupunun yaradılması qərara alınmış, akkreditə edilmiş metodlar üzrə laboratoriyalararası qarşılaşdırma testlərinin təşkili proqramının davam etdirilməsi zəruri hesab edilmişdir.

Toplantıda təlimlərin təşkili və səmərəli keçirilməsi, işçi qrupların fəaliyyəti üçün zəruri olan təşkilat-texnik məsələlər müzakirə edilmiş və həlli yolları müəyyənləşdirilmişdir.