Ballistik tədqiqatlar sahəsində Azərbaycan və Türkiyə ekspertləri birgə fəaliyyət göstərəcəklər

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 13-14 iyun tarixlərdə Ankara şəhərində Jandarma Genel Komutanlığının Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Gilizin tədqiqat metodunun standart şəklə gətirilməsi”, “Gilizin sürətinin çıxarılması təliminin verilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Nail Abbasov və Ruslan Əliquliyev iştirak etmişlər.

Tədbir zamanı qurumlarda mövcud təlimatlar, onların birlikdə təkmilləşdirilməsi müzakirə olunmuş, gilizin tədqiqatı sahəsində qarşılıqlı fikir mübadiləsi və təcrübə paylaşımı aparılmışdır.

Müzakirələrin nəticəsi olaraq gilizin tədqiqat metodunun standart şəklə gətirilməsi məqsədilə iştirakçılardan ibarət işçi qrup yaradılmış, ekspertizaya təqdim edilən gilizlərin tədqiqat metodikası təlimatları arasında fərqlərin araşdırılması, təlimata terminlər və şərhlər bölməsinin əlavə edilməsi və genişləndirilməsi, gilizlərin qruplaşdırılması üçün xarakterik izlər əlavə edilməklə tədqiqatın standart formunun hazırlanması, prosedur və təlimatların tərtibat qaydalarının aydınlaşdırılması, mövcud sahədə qurumlararası təlimatların mübadiləsi, kopya-prototip gilizlərlə əlaqədar xüsusiyyətlərin işçi qrupun növbəti toplantılarında gündəmə gətirilməsinə, işçi qrupun üzvlərinin elektron poçt vasitəsilə əlaqə saxlamalarına qərar verilmişdir.