Azərbaycan və Türkiyə ekspertləri soyuq silahlar üzrə vahid məlumat bazasının yaradılması sahəsində birgə fəaliyyət göstərəcəklər

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 10-12 iyun tarixlərdə Ankara şəhərində Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Soyuq (atəşsiz) silahlar üzrə vahid məlumat bazasının yaradılması və kataloqun təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Cabir Ahmet və Nicat Mirzəyev iştirak etmişlər.

Tədbir zamanı Mərkəzin mövcud kataloqunun birlikdə təkmilləşdirilməsi, nümunə məlumatlarının çoxaldılması, vahid elektron məlumat bazasının yaradılması məsələləri müzakirə olunmuşdur.

Müzakirələrin nəticəsində Mərkəzin əməkdaşı Cabir Ahmetin rəhbərliyində müvafiq işçi qrup yaradılmış, ekspertizaya təqdim edilən soyuq silahların zəruri göstəricilərinin əks etdirilməsi üçün form tərtib olunmuş, elmi əsərlər, muzey məlumatları, istehsalçı firmalara aid internet saytları və elektron kitabxanalardan soyuq silahları xarakterizə edən məlumatların tərtib olunmuş forma yerləşdirilməsi istiqamətində işlərin aparılmasına, qrupun üzvləri arasında fikir mübadiləsinin təmin edilməsi məqsədilə online əlaqələrin yaradılmasına qərar verilmişdir.