Printer mətnlərinin tədqiqi sahəsində Azərbaycan və Türkiyə ekspertləri birgə fəaliyyət göstərəcəklər

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən 2019-cu ilin fəaliyyət proqramı çərçivəsində 10-12 iyun tarixlərdə Ankara şəhərində Jandarma Genel Komutanlığı Kriminal Dairə Başkanlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının ekspertlərinin iştirakı ilə “Kəsişən cizgilərin icra ardıcıllığının müəyyən edilməsi” və “Printer mətnlərinin tədqiqi”  mövzularında tədbirlər keçirilmişdir. Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Natiq Pənahov iştirak etmişdir.
Tədbir çərçivəsində kəsişən cizgilərin icra ardıcıllığının müəyyən edilməsi metodikaları, islaq mürəkkəbli qələmlə icra edilmiş imzaların üstündə lazer, püskürtməli printerlərdə çap prosesində əmələ gələn cizgilər, həmçinin, lazer printerində çap prosesində yaranan cizgilərin üzərində qələmlə yazı yazan zaman mürəkkəbin xüsusiyyətləri və s. araşdırılmış, qarşılıqlı fikir mübadiləsi və təcrübə paylaşımı həyata keçirilmişdir.

Tədbirin yekununda “Kəsişən cizgilərin icra ardıcıllığının müəyyən edilməsi” sahəsində iştirakçılardan ibarət işçi qrup yaradılmış, MEM-də yaradılan və tətbiq edilən “Project 1” proqram təminatının imkanlarının jandarma və polis kriminal laboratoriyalarında tətbiqi, eləcə də, jandarma və polis kriminal laboratoriyalarında printer mətnlərinin tədqiqində istifadə edilən BİT-MAP proqramının MEM-də tətbiqi, kəsişən cizgilərin icra ardıcıllığının müəyyən edilməsi üçün testlərin hazırlanılması, həmin testlərin “Project 1” proqram təminatı vasitəsilə tədqiq edilməsi istiqamətində çalışmalara başlanılmasına, alınan nəticələrin müzakirə edilməsi və daha düzgün nəticə verən metodikanın müəyyən edilməsinə qərar verilmişdir.