Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

8 may 2019-cu il tarixində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarışısında misilsiz xidmətlərindən söz açılıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilən, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilib, böyük dövlət xadiminin müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.

Bildirilib ki, özbaşınalığın, anarxiyanın, hərc-mərcliyin hökm sürdüyü bir şəraitdə Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra hüquqi dövlət quruculuğunu inkişafın başlıca istiqaməti kimi seçərək Azərbaycanda Konstitusiyanın qəbuluna, qısa müddətdə irimiqyaslı məhkəmə-hüquq islahatlarının başlanılmasına, sovet dövründən miras qalmış hüquq sisteminin tamamilə yeni, demokratik prinsiplər əsasında qurulmasına, beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli işlərin görülməsinə səbəbkar olmuşdur.

Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edilərək, vurğulanıb ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Milli Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açıb.

Qeyd olunub ki, ölkəmizin rəhbəri olmuş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas edərək ölkəmizin güclü iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub.

Həmçinin qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət nəticəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan beynəlxalq miqyasda özünə layiqli yer tutub, dünyanın inkişaf etmiş ölkələri sırasında qərarlaşıb.

Tədbir ulu öndərin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başa çatıb.