Məhkəmə Ekspertizası Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağadək ən müasir, hətta beynəlxalq konvensiyalarla mülki əhaliyə qarşı işlədilməsi qadağan olunmuş silahlarla silahlanmış keçmiş sovet ordusunun dinc Azərbaycan xalqına, öz vətəndaşlarına qarşı törətdiyi faciədən danışılaraq bildirildi ki, 20 yanvar çağdaş tariximizdə həm qanlı, həm də şanlı bir səhifədir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Azərbaycanın azadlığı və ərazi bütövlüyünü tələb edən, müstəqillik arzusu ilə meydanlara çıxan silahsız və günahsız insanlara qarşı sovet ordu birləşmələri tərəfindən bəşəri cinayət törədilmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu hadisələr respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə ağır zərbə vursa da, xalqımızın iradəsini sındıra bilmədi. Bu terror istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda aparılan hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.

Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o faciəli günləri heç unutmadı, 20 Yanvar faciəsini hər il ümumxalq hüzn günü kimi geniş qeyd etməklə bu faciənin səbəbkarlarına öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşının bir parçası olan şəhidlərimizin əziz ruhu xalqımız və dövlətimiz tərəfindən hər zaman dərin ehtiramla anılır.

Sonda Qanlı Yanvar hadisələrinə həsr olunmuş film nümayiş etdirildi.