Məhkəmə Ekspertizası Mərkəzində 2018-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir



Məhkəmə ekspertizası mərkəzi tərəfindən 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağını Mərkəzin rəisi Fuad Cavadov açaraq bildirmişdir ki, 2018-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olub. Ölkəmizdə növbəti Prezident seçkiləri keçirilib, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri təntənəli şəkildə qeyd olunub, ölkəmizin siyasi, iqtisadi, sosial, idman
həyatında diqqət çəkən digər yeniliklər baş verib.

Daha sonra 2018-ci il ərzində Mərkəz tərəfindən görülmüş işlər barədə hesabat təqdim edilib.

Bildirilib ki, 2018-ci ildə Mərkəzə 41 ekspert ixtisası üzrə 35965 iş daxil olmuşdur. Bu zaman 30652 rəy verilmiş, ekspertlər 800 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 %-ni həll etmişlər. 2017-ci ilin nəticələri ilə müqayisə etdikdə daxil olan işlər 3.3%, rəy verilmiş işlər 6,8 % artmışdır.

Hesabat dövründə Mərkəzin Gəncə, Şirvan və Şəki regional bölmələri tərəfindən 1997 rəy verilmişdir.

Bundan əlavə, hesabat ili ərzində ekspert vəsatətlərinin təmin edilməməsi, qoyulmuş sualların xüsusi bilik tələb etməməsi, torpaq mübahisələri ilə bağlı mütəxəssis rəylərinin təqdim olunmaması və digər səbəblərə görə 3876 iş icrasız qaytarılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə məhkəmələrə və hüquq mühafizə orqanlarına 143 metodik məsləhət verilmiş, eyni zamanda 912 profilaktik tövsiyə göndərilmişdir.

Ədliyyə Akademiyasında icbari təlim proqramlarına əsasən məhkəmə ekspertizası fənni üzrə mühazirələr oxunmuş, mərkəzin müasir imkanları nümayiş etdirilmişdir. Eyni zamanda məhkumların cəzaçəkmə mühitinə adaptasiyası, ünsiyyətin şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsində rolu, hərbçilər arasında qarşılıqlı münasibətlər sisteminin psixoloji əsasları və digər mövzular ilə bağlı seminarlar keçirilmişdir.

Ekspertiza sahəsində zəruri biliklərin artırılması və təcrübə mübadiləsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin və İqtisad Universitetinin tələbələri, eyni zamanda Dövlət Gömrük Akademiyasının müdavimləri ilə praktik məşğələlər aparılmışdır.

Bundan başqa, ekspertiza sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və müasir avadanlıqları ilə tanış olmaq məqsədilə ekspertlər il ərzində 15-dən çox beynəlxalq seminar-konfrans və təlimlərdə iştirak etmişlər.

Mərkəzin beynəlxalq akkreditasiyasına dair sənədlər toplusu, o cümlədən “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi tələblər” üzrə ISO/IES 17025 beynəlxalq standartın təkmil variantı ilk dəfə olaraq azərbaycan dilində nəşr olunmuşdur.

Bu müddətdə hüquqi maarifləndirmə üzrə tədbirlər çərçivəsində KİV-də 52, o cümlədən mətbuatda 11, televiziyada 5, internet saytda 36 məlumat yayılmışdır.

2018-ci ildə Mərkəzdə 3 problemin 35 mövzusu üzrə elmi-tədqiqat işi aparılmış, 5 elmi iş tamamlanmış, 3 metodik vəsait, 2 elmi əsərlər məcmuəsi çap edilmişdir.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Mərkəzin müasir texniki imkanları ilə bağlı təqdimat mərasimi və "açıq qapı" günü keçirilmişdir.

Hesabat ilində ölkə Prezidentinin ədliyyə sisteminə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində mərkəzin əməkdaşları yüksək dövlət mükafatlarına və digər təltiflərinə layiq bilinmişdir.

Bununla yanaşı hesabat dövründə fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 6 nəfər intizam məsuliyyətinə cəlb edilmişdir.

Hesabat yığıncağında əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsan və çatışmazlıqlar da qeyd olunmuş, məhkəmə ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, ekspert tədqiqatlarının keyfiyyətli və dolğun aparılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üçün prinsipiallığın artırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, metodiki işin və profilaktik fəaliyyətin gücləndirilməsi, təhlil və ümumiləşdirmələrin dolğun aparılması barədə konkret tapşırıqlar verilmişdir.

Hesabat yığıncaqda nazirliyin Təşkilat-nəzarət baş idarəsinin məsul əməkdaşı iştirak etmişdir.