Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Bakıya rəsmi səfəri baş tutmuşdur

2016-cı il martın 15-də Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında dövlət başçılarımız İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Kriminal Dairə Başkanlığı və Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanlığının nümayəndə heyətinin Bakiya planlaşdırılmış rəsmi səfəri 25-27 sentyabr 2018-ci il tarixlərində həyata keçmişdir.

Nümayəndə heyətinə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Genel Komutanliğı Kriminal Dairə Başkanı Mustafa Mercan, Emniyet Genel Müdürlüyü Kriminal Dairə Başkanı Cengiz Batı, JKDB Keyfiyyət menecmenti şöbəsinin rəisi Umut Hakan Özkara və şöbənin sivil məmuru Müşerref Sarıduman, EGM KDB Kriminalistik araşdırma və layihələndirmə şöbəsinin polis məmuru İsmayil Taşdemir daxil olmuşdur.

Səfərin məqsədi Sazişdın irəli gələn vəzifələrin məhkəmə ekspertizası sahəsində əlaqələrin inkişaf etdirilməsi, məhkəmə ekspertizasından və kriminalistikanın müasir metod və vasitələrindən fəal istifadə etməklə cinayətkarlığa qarşı mübarizəni gücləndirilməsi, o cümlədən hüquq və hüquq-mühafizə fəaliyyəti sahəsində gələcək münasibətləri möhkəmləndirməkdir.

Səfərin ilk günü nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Həmin gün tərəfdaş qurum rəhbərlərinin görüşü Koordinasiya qrupunun üzvləri və Mərkəzin şöbə rəislərinin iştirakı ilə keçirilmişdir. Görüş zamanı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə və ədliyyə, o cümlədən məhkəmə ekspertizası sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, iki ölkə arasında imzalanmış məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyətindən danışılmışdır. Sazişin məhkəmə ekspertizası sahəsində əlaqələrin inkişaf etdirilməsi, məhkəmə ekspertizasından və kriminalistikanın müasir metod və vasitələrindən fəal istifadə etməklə cinayətkarlığa qarşı mübarizəni gücləndirilməsi, o cümlədən hüquq və hüquq-mühafizə fəaliyyəti sahəsində gələcək münasibətləri möhkəmləndirmək məqsədi daşıdığı qeyd olunmuşdur.

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən qonaqlar AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduqlarını və bunun üçün yaxşı perspektivlərin olduğunu bildirmişlər.

Səfər zamanı əməkdaşlığın həcmi və sistemli fəaliyyətin təşkili, tədbirlərin həyata keçirilməsinin maliyyə və təşkilat məsələləri, texnik imkanlar müzakirə edilmişdir. Sazişin 3-cü maddəsində göstərilən vəzifələrin yerinə yetirilməsi üçün təsdiq olunmuş Fəaliyyət Proqramı və 2017-2018-ci illər üzrə İş Planında 18 tədbirin keçirilməsi nəzərdə tutulmuşdu. Bu tədbirlərin əksəriyyəti təlimlər olmaqla həm Mərkəzin personalına verilməsi, həm da Mərkəz personalı tərəfindən qarşı tərəfin qurumlarına verilməsini əhatə edirdi. Ötən müddətdə tədbirlərin əsas hissəsi uğurla başa çatdırılmış, təlim tədbirlərinin qalan hissəsi davam etməkdədir.

Səfərin yekunu olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, Türkiyə Respublikasının Jandarma Kriminal Dairə Başkanı və Emniyet Genel Müdürlüyü Polis Kriminal Dairə Başkanı tərəfindən Mərkəzdə 2019-cu il üzrə iş planı imzalanmışdır. Qarşıdakı il üzrə iş planında 12 tədbirin həyata keçiriləcəyi nəzərdə tutulur.

Növbəti ildəki əməkdaşlıq fəaliyyəti Koordinasiya qrupunun idarəçiliyində mütəxəssislərdən ibarət işçi qruplarının konkret sahələrdə çalışmasını, ehtiyac duyulan ixtisasartırma təlimlərini və məhkəmə ekspertizası sahələrinin standartlaşdırılmasında sənədlərin unifikasiyası məsələləri üzrə tədbirləri əhatə edəcəkdir.

Belə ki, 2 təlim Türkiyə Respublikası Jandarma Kriminal Dairə Başkanlığı və 1 təlim Emniyet Genel Müdürlüyü Polis Kriminal Dairə Başkanlığı tərəfindən Mərkəzimizin personalına, 1 təlim isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində qarşı tərəfin müvafiq qurumlarına veriləcəkdir. İş planının əhatə etdiyi dövrdə statistik olaraq 11 nəfərin göndərilməsi, 6 nəfərin qəbul edilməsi nəzərdə tutulmuşdur. Yalnız laboratoriyalararası qarşılaşdırma testlərinin təşkili və keçirilməsi qarışılıqlı şəkildə texnik prosedurlardan ibarətdir və indiyədək həyata keçirilir və adi qaydada davam etdiriləcəkdir. İş planında nəzərdə tutulan tədbirlər Fiziki-kimyəvi ekspertizalar şöbəsini, Bioloji ekspertizalar şöbəsini, Sənədlərin texnik ekspertizası şöbəsini, Əlyazmları və səslərin ekspertizaları şöbəsini, Ballistik və trasoloji ekspertizalar şöbəsini, Mühəndis-texnik ekspertizalar şöbəsini və Keyfiyyət təminatı bölməsini əhatə edir.

Təlim alacaq personalın və texnik vəzifələrin, təlimdə öyrənilməsi vacib olan məsələlər dairəsinin öncədən müəyyənləşdirilməsi, həmçinin Mərkəz tərfindən veriləcək təlimlərin proqramlarının tərtib olunması və təlimlərə texnik hazırlıq məsələləri Koordinasiya qrupu tərəfindən hazırlanacaqdır.