Sonradan pozulan cinayət xarakterli SMS-lər necə bərpa olunur?

APA Tv izləyicilərinə cinayətlərin açılmasında məhkəmə ekspertizasının rolunu göstərmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən reportajlar hazırlayaraq yayımlayır

4-cü reportaj.
11:02 – 06 İyun, 2018

Ötən reportajlarımızda sizə Məhkəmə Ekspertizası Mərkəzinin bəzi şöbələri haqqında məlumat vermişdik. Bu dəfə mərkəzin Sənədlərin texniki ekspertizası şöbəsindən danışacağıq.

Sənədlərin texniki ekspertizalar şöbəsində sənədlərin texniki baxımdan tədqiqatı aparılır: "Sənədlərin hazırlanma üsulunun müəyyən edilməsi, sənədlərin üzərində əgər möhür əksi varsa, onun hansı üsulla əks olunması, sənəddə hər hansı düzəlişlərin müəyyən edilməsi, yəni pozuntu, yaxud kimyəvi üsulla yuyulmasını müəyyən etmək və orada ilkin mətni müəyyən etmək kimi tədqiqatlar aparılır".
 
Şöbədə həmçinin əsginasların da texniki baxımdan ekspertizası aparılaraq, onların saxta olub-olmamasını müəyyən etmək mümkündür.
 
Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz parçasına çevrilib. Elə gündəlik həyatımızda da bizi ən çox maraqlandıran məsələlərdən biri də sosial şəbəkələrdəki yazışmalarımızın təhlükəsizliyidir: "Məsələn, bu canlı nümunədə tədqiqata bir telefon gəlir. Açıb baxırıq ki, orada cəmi 10 SMS var. Tədqiqatlar aparıldıqdan sonra görürük ki, cəmi 1536 SMS var imiş. Həmin SMS-lərdən 1626-sı pozulub".
 
Şöbədə eyni zamanda kompüterlərin də texniki ekspertizası aparılır. Burada xüsusi proqram təminatı vasitəsilə rəqəmsal daşıyıcılardan, rəqəmsal yaddaşa malik istənilən cihazlardan, noutbuk, kompüter və smartfonlardan istintaq üçün əhəmiyyətli  məlumatların əldə olunması və təhlili ilə bağlı tədqiqatlar aparılır ki, bu da cinayət hadisəsinin tədqiqi zamanı mühüm əhəmiyyət kəsb edir: "Bizim avadanlıq 20000 ədəd müxtəlif növlü mobil telefonları dəstəkləyir. Əsasən "Samsung", "Nokia" və "iPhone" markalı mobil telefonlardır. Telefonun öncə markasını müəyyən edirik. Daha sonra avadanlıq vasitəsilə modulları seçirik. Hər bir modul müəyyən bir əməliyyatı icra edir. Sonra telefonun yaddaşında olan bütün məlumatların nüsxəsini çıxarırıq. Bunu əldə etdikdən sonra həmin yaddaş paketi üzərində modulları işə salırıq. Sonra da modulun markasından asılı olaraq nəticə əldə edirik".
 
Ekspert Məmməd Ramazanov bildirir ki, əməliyyat zamanı bəzən mobil telefonların şifrəsi ilə bağlı problemlər ortaya çıxır: "Çox zaman qarşımızda problem yaranır. Bu problem də mobil telefonların şifrəsi ilə bağlıdır. Şifrəni sıfırlamaq üçün müəyyən metodikalarımız var. Avadanlıq tərəfindən əgər smartfonun, ya da mobil cihazın markası dəstəklənirsə, o zaman biz həmin metodu istifadə edərək telefonu sıfırlayırıq və  oradan istənilən məlumatı əldə edə bilərik".
 
http://apa.tv/video/49930