Tabe qurumlarda psixoloji seminar-treninqlər keçirilmişdir

Penitensiar xidmət ilə Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi arasında 2018-ci il üçün birgə təsdiq edilmiş tədbirlər planına əsasən 27 aprel 2018-ci il tarixdə 7 saylı cəzaçəkmə müəssisəsində və Mühafizə alayının 7-ci atıcı bölüyündə seminar-treninqlər keçirilmişdir.

Mərkəzin aparıcı ekspertinin (psixoloq) iştirakı ilə «Məhkumların cəzaçəkmə mühitinə adaptasiyası və qarşılıqlı münasibətlərin tənzimlənməsi» mövzusunda seminar-treninq keçirilmiş, mövzu ətrafında məhkumlar tərəfindən verilmiş suallar ətraflı cavablandırılmışdır.

Məhkumların psixi sağlamlıq sferasında qeydə alınan problemlər, həmçinin şəxsiyyətlərarası münasibətlər sistemində müşahidə edilən destruktiv hallar və onların profilaktikası tədbirləri haqqında maarifləndirici söhbətlər aparmışdır.

Daha sonra Mühafizə alayının 7-ci atıcı bölüyünün müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının mənəvi-psixoloji hazırlıqlarının artırılması və onların psixoloji durumlarının daim nəzarətdə saxlanılması məqsədi ilə “Qarşıya çıxan situativ problemlərin aradan qaldırılmasının psixoloji əsasları” mövzusunda seminar-treninq keçirilmişdir.

Hər iki tədbirdə Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.