Mərkəzin əməkdaşları növbəti təlim kursunu uğurla bitirmişlər

Məhkəmə ekspertizası sahəsində beynəlxalq əlaqələrin, həmçinin akkreditasiyanın daha da genişləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bu zaman qabaqcıl xarici təcrübənin öyrənilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişə uyğun olaraq Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələrinin əməkdaşları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə Baş Direktorluğu Məhkəmə Ekspertizası İdarəsi tərəfindən təşkil edilən narkotik vasitələrin və psixotrop maddələrin tədqiqatı ilə bağlı təlim kurslarına cəlb edilmişlər.

Təlim zamanı İSO/İEC 17025 beynəlxalq standartın tələbləri nəzərə alınmaqla narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası üzrə bütün prosedurları əhatə edən praktik məşğələlər keçirilmişdir.

Təlimlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə, Şəki və Şirvan regional bölmələrinin ekspertləri iştirak etmişlər.

Təlimin sonunda ekspertlərə müvafiq sertifikatlar təqdim olunmuşdur.