Mərkəzdə 31 mart Soyqırımı günü qeyd edilmişdir

30 mart 2018-ci il tarixdə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində 31 mart Soyqırım günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi, həmin dövrdən başlayaraq ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni ekspansionizminin geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır.

Ermənilər İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan türklərlə müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə türk vəhşicəsinə qətlə yetirilib. Erməni şovinistlərinin təcavüzkar siyasəti nəticəsində, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qaldığı vurğulanmış, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salındığını xatırlatılmışdır.

Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımlarla bağlı ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonda 31 Mart Soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.