Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Bakıya rəsmi səfər etmişdir
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Bakıya rəsmi səfər etmişdir

2016-cı il martın 15-də Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında dövlət başçılarımız İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dəvəti əsasında Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Kriminal Dairə Başkanlığı və Emniyet Genel Müdürlüyü Polis Kriminal Dairə Başkanlığının nümayəndə heyəti 5-9 iyun 2017-ci il tarixlərində Bakiya rəsmi səfər etmişlər.

Nümayəndə heyətinə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdürlüyü Kriminal Dairəsi Başkanı Mehmet Tatlı, Dairə başkanının müavini Levent Sabirlar, Kriminalistik araşdırma və layihələndirmə şöbə müdiri Gökhan İbrahim Öğünç, Jandarma Genel Komutanliğı Kriminal Dairə Başkanı Mehmet Yılmaz, Keyfiyyət menecment şöbəsinin rəisi Umut Hakan Özkara və şöbənin sivil məmuru Müşerref Sarıduman daxil olmuşdur.

Səfərin məqsədi məhkəmə ekspertizası sahəsində əlaqələrin inkişaf etdirilməsi, məhkəmə ekspertizasından və kriminalistikanın müasir metod və vasitələrindən fəal istifadə etməklə cinayətkarlığa qarşı mübarizəni gücləndirilməsi, o cümlədən hüquq və hüquq-mühafizə fəaliyyəti sahəsində gələcək münasibətləri möhkəmləndirməkdir.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”də tərəflərin məhkəmə ekspertizası sahəsində əməkdaşlığı bu sahənin əsas problemləri üzrə birgə elmi işlərin aparılmasını, məhkəmə ekspertizasının mövcud metodlarının təkmilləşdirilməsini və yenilərinin yaradılmasını, ekspert praktikası və məhkəmə ekspertizası sahələrinin standartlaşdırılması məsələləri üzrə təcrübə mübadiləsini, məhkəmə ekspertlərinin ixtisasartırma işinin təşkil edilməsini nəzərdə tutur.

Sazişə görə tərəflərin məhkəmə ekspertizası sahəsində əməkdaşlığı bilavasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Kriminal Dairə Başkanlığı və Emniyet Genel Müdürlüyü Polis Kriminal Dairə Başkanlığı arasında həyata keçirilir.

Səfərin ilk günü nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişdir. Ziyarətdə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin emniyet müşaviri də iştirak etmişdir.

Qonaqlar səfər programı çərçivəsində AR Ədliyyə Nazirliyini də ziyarət etmişlər. Ədliyyə nazirinin müavini Azər Cəfərovun nümayəndə heyəti ilə görüşü zamanı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə və ədliyyə, o cümlədən məhkəmə ekspertizası sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, iki ölkə arasında imzalanmış məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyətindən danışılmışdır. Sazişin məhkəmə ekspertizası sahəsində əlaqələrin inkişaf etdirilməsi, məhkəmə ekspertizasından və kriminalistikanın müasir metod və vasitələrindən fəal istifadə etməklə cinayətkarlığa qarşı mübarizəni gücləndirilməsi, o cümlədən hüquq və hüquq-mühafizə fəaliyyəti sahəsində gələcək münasibətləri möhkəmləndirmək məqsədi daşıdığı qeyd olunmuşdur.

Respublikamıza ilk dəfə səfərindən məmnunluğunu ifadə edən qonaqlar AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə səmərəli əməkdaşlıqdan bəhs edərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduqlarını və bunun üçün yaxşı perspektivlərin olduğunu bildirmişlər.

Sonra qonaqlar Ədliyyə tarixi muzeyi ilə tanış olmuş, Türkiyə Respublikası Daxili İşler Nazirliyi Emniyet Genel Müdürlüyü Kriminal Daire Başkanı Mehmet Tatlı ve Jandarma Kriminal Daire Başkanı Mehmet Yılmaz muzeyin xatirə dəftərinə rəylərini yazmışlar.

Səfər proqramı çərçivəsində qonaqlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, həyata keçiriləcək fəaliyyətin formatını və tədbirlər dairəsini müzakirə etmişlər.

Nümayəndə heyətləri saziş üzrə fəaliyyət proqramını və yaxın dövr üçün iş planını müzakirə edərək müvafiq əlavə və təkmilləşdirmələrdən sonra imzalanması üçün rəhbərlərə təqdim etmişlər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Kriminal Dairə Başkanlığı və Emniyet Genel Müdürlüyü Polis Kriminal Dairə Başkanlığının rəhbərləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə fəaliyyət proqramını və 2017-2018-ci illər üzrə iş planını imzalamışlar.

Nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin, Yasamal və Quba rayon mehkemelerinin yeni inzibati binalarındakı iş şəraiti və elektron məhkəmə sistemi ilə tanış olmuşlar.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzini ziyarət etmişdir. Dövlət Agentliyinin təmsilçisi Zəka Muradov “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 10.000.000 müraciətin daxil olduğu diqqətə çatdırılmişdir. “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəni “Azərbaycan modeli” olaraq xüsusi təqdim edilir. “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülmüşdür. ASAN radionun və ASAN Təlim Mərkəzinin fəaliyyəti qonaqlara nümayiş etdirilib və suallara cavab verilib.

Səfər proqramı çərçivəsində bölgəyə səfər edən nümayəndə heyəti 1918-ci il Quba Soyqırımı Kompleksini ziyarət edərək erməni silahlı quldur dəstələrinin törətdikləri cinayətlər barədə məlumat eldə etmişlər. Kompleksdə nümayiş etdirilən sənədli materiallar əsasında tarixi cinayətlər və qarşı-qarşıya olduğumuz təhlükə barədə ziyarətçilərdə aydın və doğru təsəvvür yaranmasına sey göstərilmişdir.

Qonaqlar Xaçmaz rayon rəhbərliyinin müşaiyəti ilə rayon mərkəzindəki Heydər Əliyev Mərkəzini, Tarix Muzeyini, Rəsm Qalereyasını gəzmiş, Xaçmaz region ədliyyə şöbəsinin yeni binasında yaradılmış iş şəraiti ilə tanış olmuşlar.