Əsasnamə

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

Ə M R

28 dekabr 2007-ci il

№ 44-T

Məhkəmə ekspertizası mərkə¬zinin əsasnaməsinin, struktu¬runun və ştat vahidlərinin bölgüsünün təsdiq edilməsi barədə

Son illər ölkəmizdə məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğun qurulması üzrə kompleks tədbirlər görülmüş, mütərəqqi qanunvericilik aktları qəbul edilmiş, o cümlədən dövlət başçısının 30.06.2001-ci il tarixli Fərmanı ilə bütün növ məhkəmə (qeyri-tibb) ekspertizalarının yalnız Ədliyyə Nazirliyində aparılması müəyyən olunmuşdur. 

Bununla əlaqədar Ədliyyə Nazirliyinin üzərinə düşən mühüm vəzifələrin icrasının təşkili məsələləri kollegiya iclasında müzakirə edilmiş, Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun iş üsul və vasitələrinin köklü surətdə yaxşılaşdırılması üçün əhatəli tədbirlər müəyyən edən xüsusi əmr imzalanmışdır. İşin daha səmərəli qurulmasını, müvafiq əməkdaşların attestasiyadan keçirilməsini, onlara ixtisas dərəcələrinin verilməsini təmin etmək məqsədilə məhkəmə ekspertizalarının aparılmasının təşkili haqqında təlimat və ekspertlərə ixtisas dərəcələrinin verilməsi qaydası təsdiq olunmuş, ekspert ixtisas komissiyasının və Elmi Şuranın yeni tərkibi formalaşdırılmışdır. 

Ekspert araşdırmalarının operativliyinin və keyfiyyətinin təmin edilməsi üçün növbətçilik təşkil olunmuş, ekspertiza prosesində elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə edilməsinə diqqət artırılaraq tədqiqat üsulları və metodları təkmilləşdirilmiş, məhkəmə-kompüter-texniki, əqli mülkiyyət obyektlərinin, məhkəmə-kontrafakt və digər yeni növ ekspertizaların aparılmasına başlanılmışdır. Eyni zamanda burada tətbiq olunan yeni imkanlar barədə məhkəmə-istintaq orqanlarının mütəmadi olaraq məlumatlandırılması həyata keçirilmiş, onlara metodiki yardımın göstərilməsi məqsədilə məhkəmə-fonoskopik ekspertizasına dair vəsait, məhkəmə-linqvistik ekspertizası terminlərinin lüğəti, «Korrupsiya ilə mübarizə: cinayət-hüquqi və kriminoloji aspektlər» adlı monoqrafiya hazırlanmışdır. 

İnstitutun maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə zəruri tədbirlər həyata keçirilmiş, qurumun saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği ilbəil artırılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin «Ədliyyə orqanlarının inkişafı haqqında» Fərmanına müvafiq olaraq Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu nazirliyin yeni strukturunda Məhkəmə ekspertizası mərkəzi adlandırılmış və ona baş idarə səlahiyyəti verilmişdir. 

İş yükünün artması nəzərə alınaraq nazirlik üzrə 10.01.2007-ci il tarixli əmrlə Mərkəzin ştat sayı 190-a çatdırılmışdır.

Məhkəmə ekspertizası mərkəzinin fəaliyyətini təkmilləşdirilərək yeni qanunvericiliyə uyğun təşkil etmək məqsədilə onun əsasnamə layihəsi, strukturu və ştat bölgüsünə dair hazırlanmış təkliflər nazirliyin kollegiyasında müzakirə edilərək təkmilləşdirilmişdir. 

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.3. və 16.4-cü bəndlərini rəhbər tutaraq,

ƏMR   EDİRƏM:

1. Məhkəmə ekspertizası mərkəzinin əsasnaməsi, strukturu və ştatlarının bölgüsü təsdiq edilsin (əlavə olunur) və 10.01.2008-ci il tarixdən tətbiq olunsun. 

2. Məhkəmə ekspertizası mərkəzinin rəhbərliyi nazirliyin müvafiq qurumları ilə birgə:

2.1. əsasnamənin aidiyyəti əməkdaşlar tərəfindən dərindən öyrənilməsini və onun tələblərinə dönmədən əməl olunmasını, habelə bu sənədə uyğun olaraq işçilər arasında iş bölgüsünün düzgün aparılmasını təmin etsin;

2.2. məhkəmə ekspertizalarının keyfiyyətli və hərtərəfli aparılmasını təmin etsin, məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər aidiyyəti sahələrində aparılan elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması, məhkəmə və hüquq mühafizə orqanlarına metodiki yardımın müasir tələblərə uyğun göstərilməsi üzrə zəruri tədbirlər görsün, cinayətlərin səbəblərinin, habelə onlara kömək etmiş şəraitin aşkar olunması və qarşısının alınması ilə bağlı ekspert profilaktikasını gücləndirsin;

2.3. məhkəmə ekspertizası sahəsində beynəlxalq əlaqələrin daha da genişləndirilməsi üzrə tədbirlər görsün, qabaqcıl təcrübəni mütəmadi olaraq öyrənsin, bu təcrübənin və elmi-texniki nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirsin;

2.4. məhkəmə ekspertizası mərkəzində vakant olan ştat vahidlərinin zəruri peşə hazırlığına malik kadrlarla tam komplektləşdirilməsi üzrə tədbirlər görsün, məhkəmə ekspertlərinin hazırlanması, onların peşə və hüquqi biliklərinin artırılması işinin səmərəliliyini yüksəltsin;

2.5. mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər görsün, yerli qurumların yaradılmasına dair təhlillər aparsın və ehtiyac olduqda müvafiq təkliflər versin.

3. Əmrin icrasına nəzarət ədliyyə nazirinin müavini V.Zahirova həvalə edilsin. 

4. Əmr bütün ədliyyə orqanlarına göndərilsin.

Əsas: Ədliyyə Nazirliyi kollegiyasının 16.11.2007-ci il tarixli qərarı

Azərbaycan  Respublikasının

ədliyyə   naziri

I dərəcəli  dövlət  ədliyyə

müşaviri          

Fikrət   Məmmədov

Azərbaycan Respublikası ədliyyə nazirinin 

28.12.2007-ci il tarixli 44-T №-li əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 

Məhkəmə Ekspertizası Mərkəzi haqqında 

Ə S A S N A M Ə

I. Ümumu müddəalar

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkə¬mə Ekspertizası Mərkəzi (bundan sonra - Mərkəz) Azər¬baycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səla¬hiyyətli müstəqil struktur qurumudur.

2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrini, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» və «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, «Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsas¬na¬mə»sini, «Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydası»nı, habelə bu Əsasnaməni rəhbər tutur.

3. Mərkəz fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla və digər dövlət orqanları ilə əlaqəli həyata keçirir.

4. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. 

5. Mərkəz müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasını Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, digər möhürlərə, müvafiq ştamplara və blanklara malikdir.

6. Mərkəzin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsində Nazirlik üçün ayrılmış vəsaitlər və mövcud qanunvericiliyə zidd olmayan digər mən¬bələr hesabına maliyyələşdirilir.

II. Mərkəzin fəaliyyət istiqamətləri 

7. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar apa¬rır;

7.2. elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;

7.3. məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir; 

7.4. ekspert profilaktikasını həyata keçirir;

7.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqa¬mət¬lərdə fəaliyyət göstərir.

III. Mərkəzin vəzifələri 

8. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət is¬tiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. məhkəmə ekspertizalarını keçirmək və rəylər ver¬mək;

8.2. qanunvericiliyə uyğun olaraq tədqiqatlar aparmaq və arayışlar vermək;

8.3. məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər aidiyyəti sahələrində elmi-tədqiqat işlərini aparmaq;

8.4. məhkəmə ekspertizalarının təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hü¬quq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək, metodik vəsaitlər hazırlamaq;

8.5. cinayətlərin səbəblərinin, baş verməsinə kömək etmiş şəraitin aşkar olunması və onların qarşısının alınması sahəsində kriminoloji tədqiqatlar aparmaq, ekspert profilaktikasını həyata keçirmək;

8.6. hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək, öz fəaliyyətinə dair ictimai və elmi maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq, bu məqsədlə internet saytından istifadə etmək;

8.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;

8.8. məhkəmə ekspertizası sahəsində beynəlxalq təcrübəni öyrənmək, onun tətbiqi ilə bağlı müvafiq təkliflər vermək, habelə bu təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində elmi-texniki nailiyyətlərin tətbiq olunmasını təmin etmək;

8.9. mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı işi təşkil etmək, məhkəmə ekspertizası ilə bağlı texniki təhlükəsizlik tədbirlərini həyata keçirmək;

8.10. məhkəmə eksperti kadrlarını hazırlamaq, ekspert¬lərin peşə və hüquqi hazırlığının artırılmasını təşkil etmək, onları müvafiq kurs və treninqlərə cəlb və ezam etmək ;

8.11. məhkəmə ekspertizasının aparılması ilə bağlı məlumatların, o cümlədən dövlət sirrinin qorunması üçün zəruri tədbirlər görmək;

8.12. məhkəmə ekspertizası sahəsində arxiv işini təşkil etmək, arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;

8.13. yeni informasiya və kommunikasiya texnologiyalarını tətbiq etmək;

8.14. məhkəmə ekspertizası sahəsində kadr hazırlığını təmin etmək məqsədilə müvafiq ixtisaslaşdırma aparmaq, məhkəmə eksperti kadrlarının və mütəxəssislərin peşə hazırlığını 

mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək;

8.15. işçilərin əmək funksiyalarını icra etmələrinə nəzarəti həyata keçirmək;

8.16. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

8.17. ədliyyə orqanlarında qulluq keçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək;

8.18. işçilərin, habelə onların ailə üzvlərinin sosial müdafiəsi üzrə tədbirlər görmək, onlara tibb xidmətinin göstərilməsini təmin etmək, o cümlədən əməkdaşların sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə və digər tədbirləri həyata keçirmək; 

8.19. məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik hesabatları toplamaq, ümumiləşdirmək və təhlil etmək, fəaliyyət istiqamətləri üzrə dövri və digər hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

8.20. Mərkəzə ayrılan büdcə və qanunvericiliklə nəzərdə tutulmuş digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.21. filiallarına elmi-metodiki və praktiki kömək göstərmək, onların fəaliyyətinə nəzarət etmək;

8.22. fəaliyyəti ilə bağlı kitabxana işini təşkil etmək;

8.23. məhkəmə ekspertizası idarəsi kimi dövlət məh¬kəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliklə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirmək;

8.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanun¬vericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Mərkəzin hüquqları

9. Mərkəz öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər aidiyyəti sahələrində aparılmış elmi-tədqiqat işlərinin nəticələrini ekspert təcrübəsində tətbiq etmək;

9.2. məhkəmə və hüquq mühafizə orqanlarına kömək məqsədi ilə məhkəmə ekspertizasına dair metodik tövsiyələr vermək;

9.3. məhkəmə eksperti kadrlarının və mütəxəssislərin hazırlanması, onların ixtisaslarının artırılması üçün tədbirlər görmək, elmi dərəcələr almaq üçün mütəxəssislərin təhsilini təşkil etmək;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yerli və xarici qeyri-dövlət təşkilatları, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.5. ekspert praktikasını təhlil etmək, ümumiləşdirmələr aparmaq, tövsiyə və təkliflər vermək;

9.6. elmi araşdırmaların tətbiq və aprobasiyasını təşkil etmək, onların ekspert praktikasında istifadə olunmasının nəticələrini öyrənmək;

9.7. məhkəmə ekspertizasının aktual problemləri üzrə elmi-praktiki tədbirlər keçirmək;

9.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.9. məhkəmə ekspertizasının aparılması üçün zərurət yarandıqda, mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələrdən qanunvericilikdə nəzərdə tutulan qaydada etalon nümunələr və məlumatlar əldə etmək;

9.10. məhkəmə ekspertizalarının keçirilməsi və tədqiqatların aparılması xərclərini müəyyən etmək;

9.11. müəyyən edilmiş qaydada işçiləri ezamiyyətə göndərmək;

9.12. məhkəmə ekspertizası sahəsinə aid olan qanunvericilik aktlarının layihələrinə rəy verilməsində iştirak etmək, müvafiq normativ hüquqi aktların layihələrini hazırlamaq;

9.13. məhkəmə ekspertizası orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların yeni qəbul olunmuş qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflərin hazır¬lanmasında iştirak etmək;

9.14. statistik hesabat formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.15. verilmiş səlahiyyət daxilində ədliyyə orqanlarında qulluq keçmə barədə qanunvericiliyə müvafiq olaraq kadr işini həyata keçirmək

9.16. qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi bülletenlər, elmi-tədqiqat işlərinin nəticələrinə dair materiallar və digər nəşrlər buraxmaq, nəşriyyat-poliqrafiya fəaliyyətini həyata keçirmək, internet saytı yaratmaq və ondan istifadə etmək;

9.17. filialların yaradılması barədə təkliflər vermək;

9.18. Nazirliyin sisteminə daxil olan qurumlara, digər dövlət orqanlarına və təşkilatlara sorğular vermək, onlardan məlumatlar almaq;

9.19. verilmiş səlahiyyət daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarını həyata keçirmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, müsbət təcrübəni yaymaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək; 

9.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.23. işçilərin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;

9.24. məhkəmə ekspertizası idarəsi kimi dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliklə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları həyata keçirmək;

9.25. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

V. Mərkəzin fəaliyyətinin təşkili

10. Mərkəzin strukturu və ştat vahidlərinin sayı Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq olunur.

11. Mərkəzə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12. Mərkəzin rəisinin Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Mərkəzin rəis müavinləri onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

13. Mərkəzin rəis müavinləri və işçiləri öz funksiyalarını vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.

14. Mərkəz işini fəaliyyət istiqamətləri, habelə Nazirliyin və Mərkəzin iş planları əsasında həyata keçirir.

15. Mərkəzdə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi və qarşıda duran vəzifələrlə əlaqədar məsələlər mütəmadi olaraq Mərkəzin rəhbəliyi yanında müzakirə edilir.

16. Mərkəzin rəisi:

16.1. Mərkəzin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;

16.2. müavinləri, habelə struktur qurumlar və işçilər arasında vəzifə və iş bölgüsü aparır;

16.3. işçilər tərəfindən vəzifələrinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

16.4. məhkəmə ekspertizası idarəsinin rəhbəri kimi qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirir, hüquqları həyata keçirir və məhdudiyyətlərə riayət edir;

16.5. məhkəmə ekspertləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini, hüquqların həyata keçirilməsini və məhdudiyyətlərə riayət edilməsini təmin edir;

16.6. ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti təmin edir;

16.7. ekspert təcrübəsinin ümumiləşdirilməsini və təhlilini təmin edir;

16.8. struktur qurumların vəzifə təlimatlarını, statistik və digər hesabatları, habelə Mərkəzin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir;

16.9. Elmi Şuranın və Ekspert-ixtisas komissiyasının tərkibinə dair təkliflər verir; 

16.10. fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

16.11. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Nazirlik üzrə əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

16.12. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Nazirliyin rəhbərliyinə təkliflər verir;

16.13. verilmiş səlahiyyət daxilində kadr işinin həyata keçirilməsi ilə bağlı tədbirlər görür;

16.14. filialların fəaliyyətinə nəzarəti həyata keçirir;

16.15. filiallara elmi-metodiki və praktiki kömək göstərilməsini təmin edir;

16.16. struktur qurumların rəhbərlərinin Ədliyyə Nazirliyinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad olunması, Mərkəzdə və onun filiallarında işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara xüsusi rütbə və dövlət qulluğunun ixtisas dərəcəsinin verilməsi, ekspert ixtisası və ekspert ixtisas dərəcələrinin verilməsi, aşağı salınması və ya ləğvi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı səlahiyyətləri daxilində tədbirlər görür və Nazirliyin rəhbərliyinə təkliflər verir;

16.17. səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir;

16.18. Mərkəzin fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirir;

16.19. kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir;

16.20. vətəndaşları qəbul edir, Mərkəzdə vətəndaşların qəbulu və müraciətlərinə baxılmasını təmin edir;

16.21. səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə tapşırır;

16.22. müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlinə və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasına dair təkliflər verir;

16.23. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarının həyata keçirilməsi üçün tədbirlər görör, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsinə nəzarət edir;

16.24. mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı işi təşkil edir, məhkəmə ekspertizası ilə əlaqədar texniki təhlükəsizlik tədbirlərinə nəzarət edir; 

16.25. səlahiyyətləri daxilində digər məsələləri həll edir;

16.26. xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.

17. Mərkəzin rəis müavinləri:

17.1. vəzifə bölgüsü ilə onlara həvalə edilmiş xidmət sahələrinin fəaliyyətinə görə məsuliyyət daşıyırlar;

17.2. müvafiq xidmət sahələrinin fəaliyyətinə, habelə Mərkəzin işçilərinin icraatında olan sənədlərin düzgün və vaxtında icra olunmasına nəzarət edirlər;

17.3. vətəndaşların qəbulunu keçirirlər; 

17.4. həvalə edilmiş xidmət sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Mərkəzin rəisinə təkliflər verirlər;

17.5. Mərkəzin rəisi vəzifəsini icra edə bilmədikdə Azərbaycan Respublikasının ədliyyə nazirinin tapşırığına əsasən onun vəzifələrini yerinə yetirirlər;

17.6. peşə hazırlığının yüksədilməsi məqsədilə qanunvericiliyi, məhkəmə ekspertizası və kriminalistikanın yeni nailiyyətlərini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

17.7. xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin və Mərkəzin rəisinin tapşırıqlarını yerinə yetirirlər.

18. Mərkəzdə Elmi Şura və Ekspert-ixtisas komissiyası fəaliyyət göstərir. Elmi Şuranın və Ekspert-ixtisas komis¬siyasının fəaliyyətinin hüquqi əsasları, üzvlərinin sayı və fərdi tərkibi Azərbaycan Respublikası ədliyyə naziri tərəfindən müəyyən edilir.

19. Elmi Şura:

19.1. məhkəmə ekspertizasının nəzəri, təcrübi və metodiki xarakterli problemlərini, elmi-tədqiqat işlərinin plan¬larını müzakirə edir, digər elmi məsələlərə baxır;

19.2. elmi dərəcə, elmi və fəxri adların verilməsi haqqında vəsatət qaldırır;

19.3. dissertasiya işlərinin mövzularını təsdiq edir və müzakirəsini aparır;

19.4. Mərkəzin fəaliyyəti ilə bağlı mühüm məsələləri müzakirə edir.

20. Elmi Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Elmi Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Elmi Şuranın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Elmi Şuranın sədrinin səsi həlledici hesab edilir.

21. Elmi Şuranın qərarları protokolla rəsmiləşdirilir və Mərkəzin rəisi tərəfindən imzalanır.

22. Elmi Şuranın iclasları Mərkəzin rəisi tərəfindən mütəmadi olaraq çağırılır.

23. Elmi Şuranın qərarlarının icrası üzrə əmrlər verilə bilər.

24.Ekspert-ixtisas komissiyası ekspert ixtisasının və ekspert ixtisas dərəcəsinin verilməsi məsələlərinə baxır və müvafiq qərar qəbul edir.

25. Ekspert-ixtisas komissiyanın iclasları protokolla rəsmiləşdirilir. Ekspert ixtisasının və ixtisas dərəcəsinin ve¬rilməsi haqqında ekspert-ixtisas komissiyasının qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə Azərbaycan Respublikasının ədliyyə nazirinə təqdim edilir.

26. Elmi-tədqiqat və metodiki işlər şöbəsi

26.1. Mərkəzin iş planının layihəsini hazırlayır;

26.2. şöbələrin elmi-tədqiqat və metodiki fəaliyyətini əlaqələndirir;

26.3. elmi araşdırmaların tətbiq və aprobasiyasını təşkil edir, onların ekspert praktikasında istifadə olunmasının nəticələrini öyrənir;

26.4. məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın nəzəri və praktiki problemləri üzrə tədqiqatların aparır;

26.5. elmi-tədqiqat fəaliyyyətinin illik planının layihəsini hazırlayır;

26.6.ekspert praktikasını təhlil edir və ümumiləşdirmələr aparır;

26.7. doktoranturada  (dissertantura) təhsili, dissertasiyaların müdafiəsini təşkil edir;

26.8. ali təhsil müəssisələrinin tələbələrinin, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin Mərkəzdə təcrübə keçmələrini təşkil edir;

26.9. Elmi Şuranın işini və Mərkəzin rəisinin yanında keçirilən iclasların keçirilməsini təşkil edir;

26.10. Elmi Şuranın protokollarını aparır, qərarlarının icrası ilə bağlı aidiyyəti əmr layihələrinin, Mərkəz üzrə digər müvafiq sənədlərin layihələrini hazırlayır;

26.11. məhkəmə, hüquq-mühafizə orqanları və ekspertlər üçün hazırlanmış elmi-metodik materialların nəşrini təşkil edir;

26.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələri həyata keçirir.

27. Məhkəmə ekspertizasını aparan şöbələr Mərkəzin fəaliyyət istiqamətləri üzrə vəzifələri həyata keçirirlər.

27.1. Məhkəmə ekspertizasını keçirən şöbələrdə baş ekspert, böyük ekspert, aparıcı ekspert və ekspert Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən aşağıdakı işləri icra edir:

27.1.1. məhkəmə ekspert ixtisasının verildiyi məhkəmə ekspertizası növü üzrə tədqiqatlar apararaq qanunuvericiliklə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir;

        

27.1.2. məhkəmə ekspertizası və kriminalistika sahələrində elmi tədqiqat işlərini aparır və alınmış nəticələri ekspert təcrübəsində tətbiq edir;

       

27.1.3. cinayətlərin baş verməsinə kömək etmiş səbəb və şəraitin aşkar edilib onların aradan qaldırılması sahəsində ekspert profilaktikasını həyata keçirir;

27.1.4. ekspertizanın təyini və tədqiqat obyektlərinin göndərilməsinə dair məhkəmə və hüquq-mühafizə orqanlarına metodiki kömək göstərir;

27.1.5. ekspert təcrübəsinin təhlili əsasında ümumiləşdirmələr aparır, metodik və profilaktik tövsiyələr hazırlayır;

27.1.6. hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;

27.1.7. məhkəmə ekspert kadrlarının hazırlanmasında, ekspertlərin peşə hazırlığının artırılmasında iştirak edir;

27.1.8. məhkəmə ekspertizasının aktual problemləri üzrə elmi-praktiki tədbirlərdə iştirak edir;

27.1.9. elmi-tədqiqat işlərinin nəticələrini elmi əsərlər məcmuələrində və digər hüquq ədəbiyyatı nəşrlərində çap etdirir;

27.1.10. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi, məhkəmə ekspertizası və kriminalistikanın yeni nailiyyətlərini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

27.1.11. xidməti fəaliyyətlə bağlı Mərkəzin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

28. Maliyyə və təminat şöbəsi

28.1. maliyyə və maddi-texniki təminatı həyata keçirir;

28.2. inzibati binanın təmir ehtiyaclarını təmin edir;

28.3. inzibati binanın, avadanlığın və digər maddi qiymətlilərin istismarını və mühafizəsini təşkil edir;

28.4. mülki müdafiə və yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsini təşkil edir;

28.5. təsərrüfat xidmətinə dair işlərin həyata keçirilməsini təmin edir;

28.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələri həyata keçirir.

29. Katiblik

29.1. kargüzarlıq və arxiv işinin qanunvericiliyə müvafiq aparılmasını təmin edir;

29.2. icraya nəzarət edir;

29.3. məhkəmə ekspertizasının aparılması ilə bağlı məlumatların, o cümlədən dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarəti həyata keçirir;

29.4. vətəndaşların qəbulunu təşkil edir;

29.5. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində işləri təşkil edir;

29.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələri həyata keçirir.

30. Kadrlar bölməsi

30.1. qulluğa qəbul, işçilərin qulluq keçməsi və əmək münasibətləri, habelə bu məsələlərdən irəli gələn digər işləri təşkil edir;

30.2. işçilərin stajının hesablanması, onların məzuniyyəti və xidməti ezamiyyələrinin rəsmiləşdirilməsi işini aparır;

30.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələri həyata keçirir.

Azərbaycan Respublikası ədliyyə nazirinin

28.12.2007-ci il tarixli 44-T

№-li əmri ilə təsdiq edilmişdir

Rəhbərlik

Rəis- 1 ştat vahidi

Rəis müavini- 2 ştat vahidi

Cəmi: 3 ştat vahidi

Elmi – tədqiqat və metodiki iş şöbəsi

Rəis - 1 ştat vahidi

Baş məsləhətçi (elmi katib)         - 1 ştat vahidi

Baş məsləhətçi - 1 ştat vahidi

Böyük məsləhətçi - 2 ştat vahidi

Aparıcı məsləhətçi - 2 ştat vahidi

Məsləhətçi - 6 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor)- 2 ştat vahidi

Böyük mütəxəssis (inspektor)- 1 ştat vahidi

Cəmi: 16 ştat vahidi (o cümlədən 3 yardımçı)

Ballistik və trasoloji ekspertizalar şöbəsi

Rəis - 1 ştat vahidi

Rəis müavini - 1 ştat vahidi

Baş ekspert - 2 ştat vahidi

Böyük ekspert - 6 ştat vahidi

Aparıcı ekspert - 9 ştat vahidi

Ekspert         - 12 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor)         - 1 ştat vahidi

Böyük mütəxəssis (inspektor) - 2 ştat vahidi

Cəmi: 34 ştat vahidi (o cümlədən 3 yardımçı)

Əlyazmalar və səslərin ekspertizaları şöbəsi

Rəis- 1 ştat vahidi

Rəis müavini- 1 ştat vahidi

Baş ekspert - 2 ştat vahidi

Böyük ekspert        - 3 ştat vahidi

Aparıcı ekspert- 5 ştat vahidi

Ekspert                         - 8 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor)        - 1 ştat vahidi

Cəmi: 21 ştat vahidi (o cümlədən 1 yardımçı)

Sənədlərin texniki ekspertizası şöbəsi

Rəis         - 1 ştat vahidi

Baş ekspert         - 1 ştat vahidi

Böyük ekspert - 1 ştat vahidi

Aparıcı ekspert         - 2 ştat vahidi

Ekspert                 - 3 ştat vahidi

Baş mütəxəssis ( böyük inspektor) - 1 ştat vahidi

Cəmi: 9 ştat vahidi (o cümlədən 1 yardımçı)

Fiziki-kimyəvi ekspertizalar şöbəsi

Rəis         - 1 ştat vahidi

Baş ekspert         - 1 ştat vahidi

Böyük ekspert         - 2 ştat vahidi

Aparıcı ekspert         - 4 ştat vahidi

Ekspert                 - 5 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor)               - 1 ştat vahidi

Cəmi: 14 ştat vahidi (o cümlədən 1 yardımçı)

Bioloji ekspertizalar şöbəsi

Rəis        - 1 ştat vahidi

Baş ekspert        - 1 ştat vahidi

Böyük ekspert        - 2 ştat vahidi

Aparıcı ekspert        - 3 ştat vahidi

Ekspert                        - 3 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor)- 1 ştat vahidi

Cəmi: 11 ştat vahidi (o cümlədən 1 yardımçı)

Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsi

Rəis       - 1 ştat vahidi

Baş ekspert       - 1 ştat vahidi

Böyük ekspert       - 1 ştat vahidi

Aparıcı ekspert       - 2 ştat vahidi

Ekspert               - 4 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor)       - 1 ştat vahidi

Cəmi: 10 ştat vahidi (o cümlədən 1 yardımçı)

İqtisad ekspertizaları şöbəsi

Rəis - 1 ştat vahidi

Baş ekspert - 2 ştat vahidi

Böyük ekspert         - 3 ştat vahidi

Aparıcı ekspert - 4 ştat vahidi

Ekspert         - 7 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) - 1 ştat vahidi

Cəmi: 18 ştat vahidi (o cümlədən 1 yardımçı)

Mühəndis-texniki ekspertizalar şöbəsi

Rəis - 1 ştat vahidi

Baş ekspert - 1 ştat vahidi

Böyük ekspert - 2 ştat vahidi

Aparıcı ekspert - 3 ştat vahidi

Ekspert         - 7 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) - 1 ştat vahidi

Cəmi: 15 ştat vahidi (o cümlədən 1 yardımçı)

Psixoloji ekspertiza şöbəsi

Rəis - 1 ştat vahidi

Baş ekspert - 1 ştat vahidi

Böyük ekspert - 1 ştat vahidi

Aparıcı ekspert - 1 ştat vahidi

Ekspert         - 1 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) - 1 ştat vahidi

Cəmi: 6 ştat vahidi (o cümlədən 1 yardımçı)

Maliyyə və təminat şöbəsi

Rəis                    - 1 ştat vahidi

Rəis müavini (baş mühasib)            - 1 ştat vahidi

Aparıcı məsləhətçi (iqtisadçı)            - 1 ştat vahidi

Aparıcı məsləhətçi (mühasib                    - 1 ştat vahidi

Məsləhətçi (mühasib)                    - 2 ştat vahidi

Məsləhətçi (əməyin mühafizəsi üzrə)                    - 1 ştat vahidi

Baş mütəxəssis (sürücü)            - 2 ştat vahidi

Böyük mütəxəssis (təsərrüfat müdiri)            - 1 ştat vahidi

Böyük mütəxəssis (elektrik)                    - 1 ştat vahidi

Xadimə                    - 5 ştat vahidi

Cəmi: 16 ştat vahidi (o cümlədən 9 yardımçı)

Katiblik

(şöbə səlahiyyətli)

Rəis                 - 1 ştat vahidi

Məsləhətçi (xidməti araşdırmalar

və nəzarət üzrə)                   - 1 ştat vahidi

Məsləhətçi (kompüter üzrə)              - 1 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) - 1 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) - arxivçi - 1 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) – kargüzar - 1 ştat vahidi

Böyük mütəxəssis (inspektor) – kargüzar - 1 ştat vahidi

Kuryer - 1 ştat vahidi

Cəmi: 8 ştat vahidi (o cümlədən 5 yardımçı)

Kadrlar bölməsi

Rəis - 1 ştat vahidi

Aparıcı məsləhətçi                       - 1 ştat vahidi

Baş mütəxəssis (böyük inspektor) - 1 ştat vahidi

Cəmi: 3 ştat vahidi (o cümlədən 1 yardımçı)

Keyfiyyət təminatı bölməsi

Bölmə rəisi-1ştat vahidi

Məsləhətçi (daxili audit)-1 ştat vahidi

Böyük mütəxəssis-1ştat vahidi

Cəmi: 3 ştat vahidi (o cümlədən 1 yardımçı)

Məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsi

Bölmə rəisi                        -1ştat vahidi

Ekspert (ballistik və trasoloji ekspertizalar üzrə)          -1ştat vahidi

Ekspert (fiziki-kimyəvi ekspertizalar üzrə)                -1ştat vahidi

Ekspert (bioloji ekspertizalar üzrə)          -1ştat vahidi

Böyük mütəxəssis (inspektor)                       -1ştat vahidi

Cəmi: 5 ştat vahidi (o cümlədən 1 yardımçı)

Məhkəmə ekspertizası mərkəzinin Şəki regional bölməsi

Bölmə rəisi                        -1ştat vahidi

Ekspert (ballistik və trasoloji ekspertizalar üzrə)-1ştat vahidi

Ekspert (fiziki-kimyəvi ekspertizalar üzrə)             -1ştat vahidi

Ekspert (bioloji ekspertizalar üzrə)                -1ştat vahidi

Böyük mütəxəssis (inspektor)                -1ştat vahidi

Cəmi: 5 ştat vahidi (o cümlədən 1 yardımçı)

Məhkəmə ekspertizası mərkəzinin Şirvan regional bölməsi

Bölmə rəisi                        -1ştat vahidi

Ekspert (ballistik və trasoloji ekspertizalar üzrə)-1ştat vahidi

Ekspert (fiziki-kimyəvi ekspertizalar üzrə        -1ştat vahidi

Ekspert (bioloji ekspertizalar üzrə)        -1ştat vahidi

Böyük mütəxəssis (inspektor)                -1ştat vahidi

Cəmi: 5 ştat vahidi (o cümlədən 1 yardımçı)