Azərbacanda ədliyyə sistemi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Qısa tarixi ekskurs: 
http://www.justice.gov.az/history.php

Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin tə'sis edilməsi haqqında", ADR-in yaranmasından ilyarımın keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, tə'limatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunmuş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

İfrat mərkəzləşdirilmiş hakimiyyətə alüdəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi tə'sis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu.Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını tə'min etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Ədliyyə işçilərində və hakimlərdə mə'nəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi tə'sis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.



ƏDLİYYƏ ORQANLARININ İNKİŞAFI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokartik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edir.

Son illər ərzində hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Bütün bunlar ədliyyə sisteminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturunda aşağıdakı yeni qurumlar yaradılsın: 

1.1. normativ hüquqi aktların hüquqi ekspertizalarının yaxşılaşdırılması və layihələrinin hazırlanması işinin təkmilləşdirilməsi məqsədi ilə Qanunvericilik və hüquqi təbliğat və Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarələrinin əsasında Qanunvericilik baş idarəsi; 

1.2. dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fiziki və hüquqi şəxslərə göstərilən notariat xidmətinin səmərəliliyinin artırılması məqsədi ilə Hüquqi şəxslərin dövlət qeydiyyatı və Notariat və vətəndaşlıq vəziyyəti aktları idarələrinin əsasında Qeydiyyat və notariat baş idarəsi; 

1.3. ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi əsasında Ədliyyə Akademiyası; 

1.4. hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi məqsədi ilə İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi; 

1.5. yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədi ilə regional ədliyyə şöbələri; 

1.6. hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədi ilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri. 

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Məhkəmə Ekspertizası Elmi Tədqiqat, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu müvafiq olaraq, Penitensiar xidmət və Məhkəmə Ekspertizası Mərkəzi adlandırılsınlar. 

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu təsdiq edilsin.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 344 ştat vahidi müəyyən edilsin. 

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiq edilsin.

6. Azərbaycan Respublikasının ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı təsdiq edilsin. 

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki: 

7.1. qanunvericilik layihələrinin hazırlanması işinin təkmilləşdirilməsini, normativ hüquqi aktların və normativ xarakterli aktların internet informasiya resursunun yaradılmasını, onun sistematik yeniləşdirilməsini təmin etsin; 

7.2. notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmət işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etsin; 

7.3. Ədliyyə Akademiyasının Nizamnaməsinin layihəsini hazırlayıb təsdiq olunması üçün üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

7.4.ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşdırılmasını, ədliyyə orqanları işçilərinin peşə təhsili və hazırlanması sisteminin təkmilləşdirilməsini, işçilərin fəaliyyətinin qiymətləndirilməsini, ədliyyə orqanlarına qəbulunun şəffaf prosedurlarla həyata keçirilməsini təmin etsin; 

7.5. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsində nəzərdə tutulmuş ədliyyə orqanlarına qulluğa qəbul edilmə ilə bağlı müsabiqənin və müsahibənin keçirilməsi qaydaları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

7.6.insan hüquqları müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

7.7. qəbul olunan normativ hüquqi aktların izahı və əhalinin hüquq maarifləndirilməsi işinin müasir tələblər səviyyəsində qurulması üçün tədbirlər görsün; 

7.8. regional ədliyyə şöbələrinin fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən etsin; 

7.9. Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı üçün müvafiq tədbirlər görsün; 

7.10. regionlarda yeni penitensiar müəssisələrinin yaradılması məsələsini həll etsin; 

7.11. elm və texnikanın son nailiyyətlərindən istifadə etməklə məhkəmə ekspertiza növlərinin genişləndirilməsi və Məhkəmə Ekspertizası Mərkəzində elmi tədqiqat işinin səmərəliliyinin artırılması üçün tədbirlər görsün; 

7.12. penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, məhkumların hüquqlarına riayət olunması, onların cəmiyyətə reinteqrasiya olunması prosesinə kömək göstərilməsi üçün tədbirlər görsün; 

7.13. məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılması üçün təsirli tədbirlər görsün; 

7.14. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə tənzimlənən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etsin. 

8. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının Milli Bankına, Milli Televiziya və Radio Şurasına və yerli özünüidarə orqanlarına isə tövsiyə edilsin ki, qəbul etdikləri bütün normativ hüquqi aktların və normativ xarakterli aktların dövlət qeydiyyatına alınmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi dövlət qeydiyyatına alınan normativ hüquqi aktların və normativ xarakterli aktların qanunvericiliyə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 

9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yeni strukturu nəzərə alınmaqla ədliyyə orqanlarının fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat və başqa zəruri təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün və bununla bağlı maliyyələşdirmə məsələlərini həll etsin; 

9.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində aparılan struktur dəyişikliklər, o cümlədən Ədliyyə Akademiyasının, yeni məhkəmələrin aparatlarının, penitensiar müəssisələrinin və regional ədliyyə şöbələrinin yaradılması ilə əlaqədar ədliyyə orqanları işçilərinin say həddini müəyyən etsin və ştat vahidlərinin artırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin layihəsində müvafiq maliyyə vəsaitlərinin ayrılmasını nəzərdə tutsun; 

9.3. bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

9.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

9.5.öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

10. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2006-cı il.

Azərbaycan Respublikası Prezidentinin
17 avqust 2006-cı il tarixli 446 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu


1. Rəhbərlik

Nazir 
Nazir müavini
Nazir müavini
Nazir müavini
Nazir müavini - Penitensiar xidmətin rəisi

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı

Təşkilat-nəzarət baş idarəsi
Qanunvericilik baş idarəsi
Qeydiyyat və notariat baş idarəsi
Məhkəmə icraçıları baş idarəsi
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi
İstintaq idarəsi
Kadrlar idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar

Penitensar xidmət (baş idarə səlahiyyətli)
Ədliyyə akademiyası (baş idarə səlahiyyətli)
Məhkəmə ekspertizası mərkəzi (baş idarə səlahiyyətli)
Tibb baş idarəsi
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (idarə səlahiyyətli)
Regional ədliyyə şöbələri
Yerli və digər qurumlar

Azərbaycan Respublikası Prezidentinin
"17" avqust 2006-cı il tarixli 446 nömrəli
Fərmanına Əlavə 2r

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi


Kollegiyanın sədri: 

Azərbaycan Respublikasının ədliyyə naziri


Kollegiyanın üzvləri: 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə icraçıları baş idarəsinin rəisi
Ədliyyə akademiyasının rəhbəri